Tramp və vəkilinin 2016-cı il seçkilərində Hillari Klintona qarşı sui-qəsd ittihamı ilə qaldırdığı iddia rədd edilib. Hakim onları mənasız iddia ilə məhkəmənin başını qatdığı üçün 1 milyon dollar cərimələyib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp və onun baş vəkili Alina Habba Hillari Klintona qarşı qeyri-ciddi iddia qaldırdıqları üçün məhkəmə sisteminə 1 milyon dollar ödəməyə məhkum ediliblər.

ABŞ-ın Dairə Hakimi Kon Middlebroks Trampın 2016-cı il prezident seçkilərindəki rəqibi Demokrat Klintona qarşı seçki saxtakarlığı ilə bağlı iddiasını rədd edib:

“Həm faktiki, həm də qanuni olaraq heç vaxt açılmamalı olan, tamamilə mənasız və yersiz məqsədlə pis niyyətlə açılmış bir iddia ilə qarşı-qarşıyayıq. Hüquqi iddia kimi onun qeyri-adekvatlığı əvvəldən bəlli idi. Heç bir ağıllı vəkil bu işi açmaz. Siyasi məqsədlə həyata keçirilirdi. Tramp və vəkilləri tərəfindən məhkəmələrdən sui-istifadə qanunun aliliyinə xələl gətirir, hüquqi resurslara ziyan vurur və ədalətdən sui-istifadə edir”.