Fransa ilə Türkiyə arasındakı münasibətləri kəskinləşməsinə səbəb olan və erməni soyqırımı iddialarını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi yenidən gündəmə gəlib.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Marseldən olan millət vəkili Valerie Buaye bu məsələ ilə bağlı yeni bir qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib: “Yeni bir qanun layihəsini parlamentə təqdim etdim. Ümid edirəm ki, qanun məclisin gündəminə gələcək. Artıq 40-dan çox millət vəkili layihəyə imza ataraq öz dəstəklərini verib”.

Buaye Yaxın Şərqdə baş verən hadisələrə görə soyqrımlarla bağlı yeni layihənin qəbulunun vacibliyinə diqqət çəkib. O bu bölgədə azlıqların və xristianların soyqırıma məruz qaldığını iddia edir. Millət vəkili, həmçinin məsələ ilə bağlı Türkiyənin mövqeyini tənqid edib.

Qeyd edək ki, 2011-ci ildə Buaye tərəfindən hazırlanan və Erməni soyqırım iddialarını qəbul etməyənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi Fransa Milli Məclisi və Senatda qəbul edilib, lakin Fransa Konstitusiya Şurası isə bu qərarın konstitusiyaya zidd olduğunu əsas gətirərək ləğv edib.

Samir