BAKI, 18 dekabr. TELEQRAF
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan yanacağının ilk partiyasının Ermənistana yola salınması barədə məlumatı təsdiqləyib.
Teleqraf xəbər verir ki, o, bu barədə yerli KİV-ə bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan yanacağı daşıyan 20 vaqon yaxın günlərdə Ermənistana çatacaq:
“Bizim məqsədimiz biznesləri elə bir müstəviyə gətirmək idi ki, müharibə aparmaq əvəzinə ticarət etsinlər. Müharibə itkilər və qurbanlar gətirir, ticarət isə rifah”.
Azərbaycan yanacağının tədarükünün davamlı olacağına dair konkret razılaşmanın olub-olmaması ilə bağlı suala iqtisadiyyat naziri müsbət cavab verib: “Əlbəttə, razılaşma var, amma qalanı bazarın gələcək şərtlərindən asılıdır”.
Papoyan Azərbacan neftinin gələcək tədarükünün nə vaxt, hansı həcmdə və hansı müddətdə olacağını dəqiqləşdirməyib: “Nəqliyyat, daşınma və digər məsələlərlə bağlı müxtəlif suallar var, bizneslər artıq bunları öz aralarında razılaşdıracaqlar”.
Ermənistanın özəl şirkətinin Azərbaycan tərəfindən yanacağı hansı tariflə aldığı sualına Papoyan konkret cavab verməyib və bunun özəl sahə olduğunu, dövlətin buna müdaxilə etmədiyini deyib:
“Qiymət məsələlərinə qarışmağımız düzgün deyil. Burada dövlətin işi mühit yaratmaqdır. Misir, Rumıniya və ya Rusiyadan benzin idxal edəndə nə edirik? Eyni şeyi - zəruri hüquqi-müqavilə bazası və siyasi mühit yaradırıq, siyasi razılaşmalar əldə edilir, qalanını isə biznes edir”.