Rusiya Federasiyası Dövlət dumasının Xarici Siyasət Komitəsinin üzvləri Ukraynanın sabiq baş naziri Nikolay Azarovla qapalı görüş keçiriblər.

Teleqraf.com-un SİTA agentliyinə istinadən məlumatına görə, görüşdə "Ukraynada yaranmış vəziyyət" müzakirə edilib. Əslində, gizli şəraitdə keçirilən görüşün təfərrüatları barədə mediaya geniş məlumat verilməyib.

Komitənin rəhbəri Leonid Slutski jurnalistlərə açıqlamasında etiraf edib ki, Azarovla görüş zamanı Ukraynada vəziyyəti məxfi şəkildə dəyişməklə bağlı unikal təkliflər planı təqdim olunub: “Bu, həm Ukraynada daxili münaqişədən əvvəl, həm də sonrakı vəziyyəti əhatə edir”.

Ukraynada keçiriləcək erkən parlament seçkiləri ərəfəsində baş tutan bu görüş KİV-də heç də birmənalı qarşılanmayıb. Həm Rusiya, həm də Ukrayna mediası sabiq baş nazirin Regionlar Partiyasından olan tərəfdarları ilə birlikdə seçkilərdə revanş götürərək, faktiki çevrilişə hazırlaşdığını iddia edir.

Bir müddət əvvəl Daxili İşlər Naziri Arsen Avakovun köməkçisi Anton Qeraşenko bildirmişdi ki, Nikolay Azarov Rusiya vətəndaşlığını alıb. Lakin Kreml rəsmiləri bu xəbəri şərh etməkdən imtina ediblər.

Nail Cəlil