BAKI, 28 oktyabr. TELEQRAF
Kanadanın Avropa İttifaqına (Aİ) mümkün assosiativ üzvlüyünün şərtləri ilə bağlı hələlik Aİ daxilində razılaşma əldə etmək mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” Aİ rəsmilərinə istinadla məlumat yayıb.
“Gəlin, dürüst olaq. Biz kifayət qədər naməlum bir əraziyə qədəm qoyuruq”, - rəsmilərdən biri nəşrə deyib. Onun sözlərinə görə, söhbət Avropa İttifaqı ilə mövcud əməkdaşlıq formatlarından daha sıx əlaqələri nəzərdə tutan, amma Aİ-yə üzvlüyü əhatə etməyən tərəfdaşlıqdan gedir.
Ötən ay Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Kanadaya Aİ-nin assosiativ üzvü statusunun verilməsi istiqamətində işə başlamağı təklif edib. Bu təşəbbüs bir sıra üzv ölkələrdə suallar doğurub, çünki Avropa İttifaqının müqavilələrində belə üzvlük forması nəzərdə tutulmayıb.
Diplomatlar qeyd edirlər ki, “assosiativ üzvlük” anlayışının dəqiq tərifi yoxdur. Xüsusilə Almaniya bu terminin Kanadaya tətbiq edilməsinin əleyhinə çıxır. Berlin əvvəllər bu ifadənin Ukrayna üçün Aİ-yə tamhüquqlu üzvlük yolunda aralıq mərhələ kimi istifadə olunmasını təklif etmişdi.
Nəşrin məlumatına görə, Avropa ölkələri yeni konsepsiyanın Avropa İttifaqına üzv olmaq istəyən, onun vahid bazarına çıxışı olan və ya ittifaqla artıq assosiasiya sazişləri imzalamış dövlətlərlə münasibətlərdə qarışıqlıq yaradacağından da ehtiyat edirlər.
Hazırda Aİ ölkələrinin diplomatları oktyabrın 29-30-da keçiriləcək Monreal sammiti ərəfəsində sənədlərin mətnindəki ifadələri razılaşdırmağa davam edirlər. Sammitdə Ursula fon der Leyen, Avropa Şurasının prezidenti Antonio Koşta və Kanada Baş naziri Mark Karni də iştirak edəcək.