BAKI, 8 oktyabr. TELEQRAF

“Ermənistanın Hrazdan şəhərində fəaliyyət göstərən “Firebird” süni intellekt şirkətinin məlumat mərkəzi Qərb xüsusi xidmət orqanlarının maraqları naminə Rusiya və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov deyib.

O qeyd edib ki, şirkətin ABŞ qanunvericiliyinə tabe olması Amerika tərəfinə mərkəzdə emal olunan məlumatlara çıxış əldə etmək imkanı verə bilər: “Bu o deməkdir ki, Ermənistan dövlət qurumlarının, şirkətlərinin və vətəndaşlarının məlumatları Ermənistan hakimiyyətinin razılığı olmadan ABŞ üçün əlçatan olacaq”.

Şevtsov həmçinin mərkəzin planlaşdırılan genişləndirilməsi ilə bağlı narahatlığını da ifadə edib.

“Firebird” bəyan edib ki, 2027-ci ilin sonunadək Hrazdan mərkəzinin gücünü 300 MVt-a çatdırmağı planlaşdırır. Mərkəz avqust ayında açılıb və hazırda NVIDIA-nın texnologiyaları ilə fəaliyyət göstərir.