BAKI, 9 noyabr. TELEQRAF
Oktyabrın 29-da Ermənistan Milli Assambleyasının binasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən “NEWS.am” agentliyinə məlumat verilib.
Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidməti və ya siyasi fəaliyyətinə müdaxilə məqsədilə ona və ya yaxınlarına qarşı zorakılıq tətbiq edilməsi) ilə başlanıb.
Xatırladaq ki, Milli Assambleyada hakim partiya və müxalifət deputatları arasında dava baş verib. İclas zalında çıxışlar zamanı deputatlar bir-birinin üzərinə hücum edərək əlbəyaxa olublar.
Parlamentin sədri əvvəlcə münaqişə iştirakçılarının yerlərinə qayıtması üçün fasilə elan etməsə də, təxminən 10 dəqiqə sonra vəziyyət gərginləşdiyindən fasilə elan etməyə məcbur olub. Deputatlar arasında dava parlament binasının dəhlizində də davam edib.