BAKI, 24 sentyabr. TELEQRAF
“Ermənistanı Avropa İttifaqına daha da yaxınlaşdırırıq, həmçinin dinc və çiçəklənən Cənubi Qafqaz yaratmaq üçün çalışırıq”.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra deyib.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, 200 milyon avro dəyərindəki bağlantı paketi çərçivəsində yollar və körpülər tikilir.
“Bizim birtərəfli ticarət tədbirlərimiz (Ermənistana ixrac güzəştləri) yeni imkanlar yaradacaq. Hazırda Ermənistanın Avropa İttifaqı bazarına ixracının 80 faizi artıq gömrük rüsumlarından azaddır. Avropa İttifaqının qanunvericiləri bu tədbirləri sabah yekun olaraq təsdiqləyəcəklər və bu, rekord müddətdə baş verəcək.
Nəhayət, enerji təhlükəsizliyini gücləndiririk. Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq sürətlə inkişaf edir və heç vaxt olmadığı qədər möhkəmdir”, - fon der Leyen bildirib.