BAKI, 9 noyabr. TELEQRAF
Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanəsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçiriblər.
Teleqraf xəbər verir ki, Yanuş Korçak Avropa Akademiyasında keçirilən tədbir iştirakçıları, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Münhen yəhudi icmasının fəalı Emin Salimov da çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən dağ yəhudiləri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqlı mövqeyinin müdafiə olunması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim edilməsi istiqamətində fəal iş aparıblar. O qeyd edib ki, həmin dövrdə nümayiş etdirilən həmrəylik Azərbaycan xalqının birliyinin, milli mənsubiyyətindən asılı olmayaraq Vətənə bağlılığın və ortaq dövlətçilik dəyərlərinə sədaqətin bariz təzahürü olub.
Tədbir çərçivəsində azərbaycanlı rejissor Rüfət Əsədovun “Əsrlərdən gələn ənənələr” sənədli filminin təqdimatı olub.
Qeyd edək ki, film yəhudi əsilli azərbaycanlı rəssam Albert Rəfiyevin həyat və yaradıcılığına həsr olunub. Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Birliyinin, eləcə də Rusiya Rəssamlar İttifaqının üzvü olan Albert Rəfiyev S. Vaynşteyn mükafatının laureatıdır.
Filmdə Albert Rəfiyevin yaradıcılığında Azərbaycan və yəhudi mədəniyyətlərinin vəhdəti, bu iki xalqın zəngin mədəni irsinin sənətkarın yaradıcılığında əks olunması mövzusu işıqlandırılır.
Azərbaycan və İsrailin birgə istehsalı olan filmin istehsalçısı “Sholumi”, prodüseri isə Shaul Siman-Tovdur.