BAKI, 9 noyabr. TELEQRAF

Venesuelanın həbsdə olan Prezidenti Nikolas Maduro dini mətnlər öyrənir və müxtəlif dini konfessiyaların nümayəndələri, o cümlədən ravvinlə söhbətlər aparır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, Maduro həbsxanada olarkən xeyli arıqlayıb. İki mənbə bunu həbsxanada verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə əlaqələndirib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə hücum edib, ölkə Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməyə çıxarılıblar. Onlar narkotik ticarətində iştirakda ittiham olunurlar. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər.

Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun prezidentliyi dövründə icraçı vitse-prezident vəzifəsini tutmuş səlahiyyətli Prezident Delsi Rodriqes həyata keçirir.