BAKI, 24 sentyabr. TELEQRAF
“İkitərəfli, xüsusilə regionun tranzit marşrutları məsələsində əldə olunmuş razılaşmaların icrasının izlənilməsi İran hökumətinin siyasətinin prioritetləri sırasında yer alır. Biz bu razılaşmaların icrasının tərəfdarıyıq”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
“İranın qəti siyasəti region və qonşu ölkələrlə əməkdaşlığı genişləndirməkdir və bu istiqamətdə hökumət razılaşmaların həyata keçirilməsi üçün bütün səylərini göstərir”, - o bildirib.
Ermənistan Baş naziri də ikitərəfli razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb: “Bu razılaşmalar region ölkələrinin inkişafına və sülhün yaradılmasına səbəb olur”.