BAKI, 15 sentyabr. TELEQRAF

“Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasına alternativ yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Gümridə yerləşən Rusiya bazası həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının əsas dayaqlarından biridir. Üstəlik, hazırda bunun hansısa real alternativi görünmür”, - o iddia edib.

Zaxarovanın sözlərinə görə, Rusiya kontingentinin Ermənistanda olması müvafiq ikitərəfli müqavilələrlə tənzimlənir və Moskva da öz növbəsində onlara əməl etmək niyyətindədir: “Rəsmi İrəvanın da oxşar yanaşma sərgiləməsini gözləyirik”.

İrəvan və Moskva arasında hərbi əməkdaşlığa gəlincə, diplomat qeyd edib ki, Rusiya Ermənistan Baş naziri Nikol Paşinyanın təklif etdiyi ikitərəfli əlaqələrin inventarı çərçivəsində onun genişləndirilməsi perspektivlərini müzakirə etməyə hazırdır.

Zaxarova əlavə edib ki, Moskva ilə İrəvan arasında ənənəvi əməkdaşlıq, eləcə də ortaq mexanizmlərin rəvan işləməsi hər iki ölkənin maraqlarına uyğundur.