BAKI, 8 may. TELEQRAF

“Avropa İttifaqı (Aİ) “tərəfdaşlığın dərinləşdirilməsi”, “islahatların dəstəklənməsi” və “demokratiyanın dəstəklənməsi” kimi gözəl şüarların arxasında gizlənərək, Ermənistanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən ayırmağa ümid edir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) yerli mediaya bildirilib.

“Biz artıq Brüsselin Cənubi Qafqazda və Ermənistana qarşı real məqsədləri barədə dəfələrlə bəyan etmişik. “Tərəfdaşlığın dərinləşdirilməsi”, “islahatların dəstəklənməsi”, “demokratiyanın dəstəklənməsi” kimi gözəl şüarların arxasında respublikanı etibarlı təhlükəsizlik sistemindən və sabit iqtisadi əlaqələrdən ayırmaq məqsədi dayanır. Bundan əlavə, ölkənin sabitliyini onilliklər boyu təmin edən vasitələrə heç bir aydın alternativ təklif olunmur”, - nazirlik bildirib.

Rusiya XİN-in fikrincə, Avropa rəsmiləri etiraf edirlər ki, Ermənistanın hipotetik Aİ üzvlüyünə gedən yolu on ildən az deyil və son nəticəyə dair heç bir zəmanət yoxdur. Bununla yanaşı, qurum qeyd edib ki, Aİ üzvlüyünə namizəd ölkələr özlərini Brüsselin siyasi iradəsindən asılı hiss edirlər.

XİN əlavə edib ki, İrəvan Moskvanın müttəfiqi, Avrasiya İqtisadi Birliyinin (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır:

“Amma həm ikitərəfli, həm də çoxtərəfli formatlar çərçivəsində onun öhdəliklərinə zidd olan addımlara göz yuma bilmərik. Ümid edirik, Ermənistan rəhbərliyi xarici geosiyasi oyunlara getməyəcək, respublikanın özünün uzunmüddətli milli maraqlarını prioritetləşdirəcək. Ümid edirik, İrəvan Aİ nümayəndələrinə erməni müttəfiqlərimizin xarici iqtisadi əlaqələri genişləndirmək marağından istifadə edərək formalaşmış siyasi, tarixi, humanitar və iqtisadi əlaqələrə zərər vurmağa imkan verməyəcək”.