BAKI, 25 mart. TELEQRAF
“Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq məntiqinə əsaslanır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, əgər Ermənistan Müstəqillik Bəyannaməsində bütün qonşularla münaqişə məntiqini əsas götürürsə, bu, həmin mühitdə xarici yardım olmadan yaşamağı mümkünsüz edir və nəticədə ölkə getdikcə daha çox asılı vəziyyətə düşür.
Paşinyan bunu “çox sadə məntiq” adlandırıb.
O bildirib ki, cəmiyyət “Qarabağ hərəkatı”ndan çıxmış siyasi qüvvələr kimi, dəyişməsə və reallıqla üzləşməsə, tarixi taleləri də dəyişməyəcək.
Paşinyan əlavə edib ki, hazırda Ermənistan müxalifəti tərəfindən “zəmanətçi sülh” anlayışı yenidən gündəmə gətirilir, bu təcrübə əvvəllər də mövcud olub:
“1850-ci illərə - San-Stefano müqaviləsinə, həmin dövrün zəmanətçilərinə, böyük dövlətlər və Berlin Konfransına baxaq. Başa düşməliyik ki, başımıza gələn bir çox tarixi faciələrin səbəbi odur ki, biz özümüzü başqalarının maraqları naminə istifadə etməyə imkan vermişik və buna “zəmanət” adı qoymuşuq”.