BAKI, 24 mart. TELEQRAF

“Vaxtilə (işğal dövründə - red.) Ağdamda şəkil çəkdirməyim səhv idi”.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“O zaman şəkil çəkdirdim, çünki sizin məntiqinizlə fikirləşirdim. Mənə də təlqin edilmişdi ki, sən bununla (Ermənistanın indiki əraziləri ilə - red.) kifayətlənməməlisən, Araz çayının o tayında oturub arzular qurmalısan ki, Azərbaycan zəifləsin, bir gün hücum edək, ya da Türkiyə zəifləsin, bir gün hücum edək. Amma bu, bir xalqın parçalanması və məhvi üçün ən qısa yoldur. Bəli, mən səhv etmişəm. Bu arzunu ən kiçik formasında belə boğmaq lazımdır. Çünki sən bunu boğmasan, Ermənistanı itirirsən. Əgər bunu boğmasan, Ermənistan ya parçalanacaq, ya da ümumiyyətlə olmayacaq, Rusiyanın bir hissəsinə çevriləcək”, - o əlavə edib.

Xatırladaq ki, sözügedən foto 2018-ci ildə, Azərbaycanın Ağdam şəhəri işğalda olarkən çəkilmişdi.