BAKI, 12 fevral. TELEQRAF
“Moskva onilliklərdir dinc nüvə enerjisi sahəsində Ermənistana yardım və dəstək göstərir, həmçinin dəfələrlə sübut olunmuş Rusiya nüvə elektrik stansiyaları layihələri tərəfdaşlara təklif olunub. Bu təkliflərin hamısı masada, Rusiya isə bu sahədə Ermənistan üçün etibarlı tərəfdaş olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Diplomat xatırladıb ki, Rusiya 1995-ci ildə Ermənistana “Metsamor” AES-in bərpası və yenidən işə salınmasına kömək edib, sonrakı illərdə isə stansiyanın istismarı, texniki xidməti və yanacaq təchizatı sahəsində dəstək göstərib. Zaxarova bildirib ki, istismar müddətinin 2026-cı ilə qədər uzadılması layihəsi də Rusiya köməyi ilə həyata keçirilib və bunun sayəsində AES bu gün fəaliyyət göstərir. Hazırda isə tərəflər birlikdə stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması üzərində çalışırlar.
O əlavə edib ki, kiçik güclü atom elektrik stansiyalarını istismar edən yeganə dövlət Rusiyadır:
“Ölkələrimiz arasında ikitərəfli münasibətləri nəzərə alaraq, güzəştli modelləri də işləyib hazırlamağa hazır idik və bu barədə erməni tərəfinə dəfələrlə bildirmişdik. Bütün bu təkliflər hələ də masadadır”.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Vaşinqtonun Ermənistana təxminən 9 milyard dollar dəyərində mülki nüvə enerjisi üzrə məhsul və xidmətlər, o cümlədən kiçik modul reaktorlarının tədarükünü planlaşdırdığını açıqlamışdı.