BAKI, 12 fevral. TELEQRAF
“Ermənistan ABŞ ilə nüvə enerjisi sahəsində 9 milyard dollar dəyərində məhsul və xidmətlərin tədarükü barədə razılaşaraq, faktiki olaraq sınaqdan keçirilməmiş Amerika texnologiyaları üçün təcrübə poliqonuna çevrilmək riski ilə üz-üzədir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat bildirib ki, bu məsələ çox qaranlıqdır, çünki Vaşinqtonun razılaşma çərçivəsində təklif etdiyi reaktorlar yalnız kağız üzərində mövcuddur, bütün xərcləri isə İrəvan ödəməli olacaq, özü də reklam bukletlərində göstəriləndən daha yüksək qiymətlərlə.
“Üstəlik, bildirildiyinə görə, vəsaitlər hələ yaradılmamış fond vasitəsilə yönləndiriləcək və bu fond guya əvvəlcə başqa infrastruktur layihələri üçün nəzərdə tutulmuşdu. Yəni hər şey çox qaranlıq görünür”, - o qeyd edib.
Zaxarova həmçinin bildirib ki, Ermənistanın bəzi informasiya resursları bu xəbəri “Vaşinqtonun Ermənistan iqtisadiyyatına görünməmiş investisiyası” kimi təqdim etməyə tələsiblər: “Əsas odur ki, nə vaxtsa “görünməmiş investisiya” ifadəsi “heç vaxt olmayıb və olmayacaq” mənasında işlədilməsin”.
Rusiya rəsmisinin sözlərinə görə, Ermənistan faktiki olaraq öz vəsaiti hesabına sınaqdan keçirilməmiş ABŞ texnologiyalarının test edildiyi poliqona çevrilə bilər.
Mariya Zaxarova əlavə edib ki, Ermənistan istədiyi tərəfdaşlarla əməkdaşlıq etməkdə azaddır, amma Amerika texnologiyalarının seçilməsi suallar doğurur: “Vaşinqtonun təklif etdiyi zəif güclü atom elektrik stansiyaları nə ABŞ-də var, nə də ümumiyyətlə realdır, onlar yalnız kağız üzərində mövcuddur. Eyni zamanda, yekun xərc müştərilər üçün reklam bukletlərində göstəriləndən xeyli yüksək ola bilər”.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Vaşinqtonun Ermənistana təxminən 9 milyard dollar dəyərində mülki nüvə enerjisi üzrə məhsul və xidmətlər, o cümlədən kiçik modul reaktorlarının tədarükünü planlaşdırdığını açıqlamışdı.