BAKI, 11 fevral. TELEQRAF
“Ermənistanla ABŞ arasında mülki nüvə enerjisi sahəsində və 9 milyard dollar həcmində Amerika investisiyasını əhatə edən saziş regionda Rusiyanın maraqlarına və təsirinə hücumdur”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı deputat Konstantin Zatulin deyib.
Deputat bildirib ki, ABŞ bununla Ermənistanda - Rusiyanın təsir dairəsində yerləşməyə, Moskvanın təsir rıçaqlarını əlindən almağa çalışır.
O xatırladıb ki, bu gün Ermənistanı elektrik enerjisi ilə təmin edən “Metsamor” AES Rusiya qazı ilə işləyir və bir neçə illik fasilədən sonra məhz Moskvanın sayəsində təmir edilərək yenidən istismara verilib:
“Stansiyanın fəaliyyəti 1980-ci illərin sonlarında təhlükəsizliklə bağlı ehtimal edilən risklər səbəbindən dayandırılmışdı, çünki AES seysmik baxımdan təhlükəli zonada yerləşir.
Çox yaxşı xatırlayıram, 1990-cı illərin əvvəllərində İrəvana gələndə şəhər ətrafındakı bütün təpələrin yamaclarındakı ağaclar kəsilmişdi. Çünki hər balkonda odun sobası vardı, elektrik enerjisi yox idi. Gecələr İrəvan işıqsız qalırdı, heç nə görünmürdü.
SSRİ dağıldıqdan sonra Ermənistan özünə gəlmək üçün Rusiyadan kredit ayırmağı və AES-i yenidən işə salmaq üçün təmir etməyi xahiş elədi, bu da həyata keçirildi. Bu gün isə cənab Paşinyan üçün bunun heç bir mənası yoxdur, gedib amerikalılarla razılaşır. İndiyədək Ermənistanda fəaliyyət göstərən “Rosatom”la əməkdaşlıqdan imtina edərək, amerikalılarla əməkdaşlığa üstünlük verir. Bu, bizim maraqlarımız, təsirimiz və perspektivlərimizə hücum deyilmi? Əlbəttə, elədir”.