BAKI, 10 fevral. TELEQRAF
ABŞ Ermənistanın mülki nüvə energetikası sektorunun inkişafına 9 milyard dollara qədər sərmayə yatıracaq. Məqsəd ölkənin Rusiyadan uzunmüddətli enerji asılılığını azaltmaqdır. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu barədə Vaşinqton və İrəvan arasında mülki nüvə energetikası sahəsində əməkdaşlıq sazişinin imzalanmasından sonra bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, saziş ABŞ-nin nüvə texnologiyaları, yanacağı və xidmətlərinin ixracı üçün hüquqi çərçivə yaradır. Bu sənəd sovet dövründə inşa edilmiş və Ermənistanın elektrik enerjisinin təxminən 40 faizini təmin edən köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının müasir kiçik modul reaktorlarla əvəzlənməsi layihəsində Amerika şirkətlərinin iştirakına yol açır. Vens vurğulayıb ki, bu əməkdaşlıq formatı həm ABŞ, həm də Ermənistanın enerji təhlükəsizliyini gücləndirir və yeni iş yerləri yaradır.
Ermənistan Baş naziri Nikol Paşinyan da bildirib ki, saziş iki ölkə arasında enerji münasibətlərində yeni səhifə açır və təhlükəsiz, innovativ texnologiyaların tətbiqi yolu ilə Ermənistanın enerji balansını şaxələndirəcək.
Agentlik qeyd edib ki, SSRİ-nin dağılmasından bəri Ermənistan enerji baxımından Moskvadan asılı vəziyyətdədir:
“Metsamor AES Rusiyanın dövlətə məxsus “Rosatom” korporasiyası tərəfindən idarə olunur, stansiyanın nüvə yanacağı da Rusiyadan tədarük edilir. Vensin İrəvana səfəri ərəfəsində “Rosatom” nümayəndələri Moskvada Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə nüvə enerjisi sahəsində kompleks əməkdaşlıq təklif ediblər. Paşinyan hökuməti isə diversifikasiya və enerji suverenliyi istəklərinə istinad edərək, Qərb nüvə texnologiyalarına keçmək niyyətini getdikcə daha açıq şəkildə bəyan edir. Ermənistan rəsmiləri bu seçimi təkcə kommersiya deyil, strateji qərar hesab edirlər”.
Agentlik hesab edir ki, İrəvanla nüvə sazişi ABŞ-nin Cənubi Qafqazda - Rusiya, Türkiyə və İran arasında yerləşən bölgədə regional ittifaqların dəyişdiyi vaxtda öz mövqeyini gücləndirmək səylərinin bir hissəsidir: “Vaşinqton və İrəvan müdafiə sahəsində də əməkdaşlığı genişləndirir. Paşinyanın sözlərinə görə, Ermənistan 11 milyon dollar dəyərində ABŞ istehsalı pilotsuz uçan aparatlar partiyası alıb”.