BAKI, 13 avqust. TELEQRAF

“Cənubi Qafqaz artıq tamamilə Türkiyənin nəzarətinə keçib".

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Ara Poqosyan deyib.

“Türkiyənin dövlət telekanalı TRT bildirib: “Cənubi Qafqazda sülh bərqərar olub. Bakı və İrəvan diplomatik münasibətləri bərpa etmək və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlib”.

Türkiyə, Azərbaycan, Rusiya və İran mediasının əldə edilmiş razılaşmaya reaksiyalarını təhlil edəndə məlum olur ki, bütün bunların məğzi Cənubi Qafqazın tamamilə Türkiyənin təsir dairəsinə keçməsi ilə bağlıdır. Yenə deyirəm, ABŞ-nin yox, Türkiyənin”, - ekspert qeyd edib.

Poqosyanın sözlərinə görə, Türkiyə kapitalı Gürcüstanda dominantlıq edir və ciddi siyasi faktordur:

“Artıq Ermənistan da Türkiyə və Azərbaycanın enerji, infrastruktur, iqtisadi, demoqrafik çevrəsində görünür. Bu andan etibarən Ermənistanın ticarət dövriyyəsi bu ikisi ilə bağlı olacaq.

Rusiya və İran regionda yeni hegemonun yaranmasından narahatdır, çünki ənənəvi olaraq, Ankaranın bölgədə rolu məhdud olub və həmişə balans qorunub saxlanılıb, indi isə bu tarazlıq dəyişir. İran təkcə yol deyil, həm də geosiyasi oyunçu rolunu itirir. Rusiya ərazisinə görə nə qədər strateji dərinliyə malik olsa da, yenə də ən mühüm enerji və tranzit zonalarından birində - Cənubi Qafqazda təsirini itirir, bunun müqabilində Türkiyə dominant nüfuz qazanır”.

Ekspert əlavə edib ki, ABŞ-nin regionda strateji yox, taktiki marağı var və bu səbəbdən İran və Rusiyadansa, Türkiyənin Cənubi Qafqazda güclənməsində maraqlıdır.