BAKI, 12 avqust. TELEQRAF

“Amerikalıların Zəngəzura gələcəkləri bizi bir qədər narahat etsə də, yolun açılması ilə Türkiyənin türk dünyasına birbaşa çıxışının təmin olunacağını nəzərə aldıqda, baş verənlərin müsbət tərəflərini də görmək olar”.

Teleqraf xəbər verir ki, bunu türkiyəli analitik Hasan Öztürk deyib.

“Türkiyə bu dəhlizlə türk dünyası ilə birləşəcək. Amerikanın həvəsini görüb onu da söyləyə bilərik ki, bu, həm də qlobal ticarətdə mühüm rol oynayacaq. Amma bizim üçün əsas məsələ Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmir yolu ilə birbaşa əlaqənin olmasıdır. Bu, o deməkdir ki, Bakıdan çıxan avtomobil Naxçıvana asanlıqla çatacaq. Biz də İstanbuldan maşınla Bakıya qədər gedə biləcəyik”, - ekspert bildirib.

Öztürk qeyd edib ki, Cənubi Qafqaz, xüsusən də Azərbaycan və Ermənistan üçün yeni dövrdə Türkiyə ilə birlik həlledici olacaq.

“Beləliklə, Türkiyə ilə Ermənistan arasında sərhəd keçidinin açılması ilə bölgədə iki yeni sülh dəhlizi olacaq. Akyaka və Alican sərhəd-keçid məntəqələri Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə açılacaq. Nəticədə 1993-cü ildən bağlanan Türkiyə-Ermənistan sərhəd keçid məntəqələrinin açılması bölgədə sülh mühiti yaradacaq”.

Türk ekspert Qərbi Zəngəzurun Azərbaycanın tarixi bölgəsi olması faktına da diqqət çəkib:

“200 il əvvəl türk-müsəlman əhalisini deportasiyaya məruz qoyan Çar Rusiyası Zəngəzur bölgəsini ermənilərin üzünə açdı. Əslində, müzakirə etdiyimiz məsələ - Zəngəzur dəhlizi Zəngəzur bölgəsinin tarixi mülkiyyəti ilə bağlı mübahisələrə yol açır”.

Öztürk əlavə edib ki, yaxın gələcəkdə Ermənistanın Konstitusiyasının dəyişdirilməsi ilə sülh sazişinin imzalanmasının önündəki sonuncu əngəl də qalxacaq.