BAKI, 9 avqust. TELEQRAF

Ermənistanın blokadadan çıxarılması prosesinə start verildi.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Çox vacib və hətta inanılmaz görünən bir fakt: Ermənistanın blokadadan çıxarılması reallığa çevrilir. Ermənistan xarici dünya ilə dəmir yolu əlaqəsi qurmaq imkanı əldə edəcək. Azərbaycan ərazisindən keçməklə Ermənistanın bir bölgəsindən digər bölgəsinə dəmir yolu əlaqəmiz olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə məsələsi də Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həll edilib", - baş nazir bildirib.

N.Paşinyan həmçinin Zəngəzur dəhlizinə də toxunub.

"ABŞ Prezidenti Donald Tramp çıxışında "dəhliz" sözündən istifadə etdi, lakin bu, dünyada geniş istifadə olunan və ümumi qəbul edilmiş bir termindir. Bizim üçün, bu, müəyyən gərginlik yaradır, lakin burada söhbət "Şimal-Cənub" dəhlizi kimi bir dəhlizdən gedir", - Paşinyan vurğulayıb.