BAKI, 2 iyul. TELEQRAF

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaaqn Aleksanyan növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

“Bunun əsası nədir? Mən heç bir əsas görmürəm”, - Aleksanyan müvafiq suala cavabında qeyd edib.

Dövlət çevrilişinə çağırışa görə həbs edilən arxiyepiskop Mikayel Ajapaxyanın bəzi müxalifət partiyaları tərəfindən baş nazirliyə namizəd kimi irəli sürülməsinə gəlincə, Aleksanyan söyləyib:

“Hərbi çevrilişə çağıran şəxsi irəli sürüblər və onu baş nazirliyə namizəd hesab edirlər. Söhbət insanları öldürməyi planlaşdıran terror qruplaşmasına dəstək verdiyini bildirən şəxsdən gedir. Öldürülməsi nəzərdə tutulan insanlara, sonra isə ailələrinə dəymiş ziyan ödənilməlidir. Bu biabırçı əxlaqsızlığın daşıyıcılarına Ermənistan Respublikasında dövlət vəzifəsi, hətta baş nazir postu təklif olunur”.