BAKI, 21 iyun. TELEQRAF

“Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır və nöqtə” dedim? Çox sadə və ümumi bir cavab var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 21-də İstanbulda Türkiyədəki erməni icması ilə görüşü zamanı deyib.

Baş nazirin iddiasına görə, bunu Ermənistan cəmiyyətinə reallığı və əsl vətənpərvərliyi göstərmək üçün edib:

“2020-ci ildə söylədim ki, biz öz vətənpərvərlik modelimiz haqqında düşünməliyik. Deyəsən, bu model bizim deyil, kənardan gətirilib. 2018-ci ildə “vətənpərvər” olduğum üçün bu bəyanatı vermişəm. Çünki o zaman (Ermənistan hökumətinin rəhbəri barədə) bütün diasporun ermənilərinin lideri kimi bir təsəvvür var idi. Bu “vətənpərvərlik hissi” bizi bütün bu fəlakətlərə sürüklədi. Mən, məsələn, (bu gün) Uruqvay ermənilərinə görə məsuliyyət daşıya bilmərəm.

Başqalarına baxıb onlara “heyvan, vəhşi, yırtıcı” deyirik, biz özümüzə də baxmalıyıq.

Mən İran və İsrail erməniləri qarşısında borcumu eyni vaxtda yerinə yetirə bilmərəm, bu, təhlükəlidir. İran və İsrail və ya Rusiya və Ukrayna erməniləri qarşısında borcumu eyni vaxtda necə yerinə yetirə bilərəm? Biz Ermənistanı belə bir gündəmə gətirəndə onu uçuruma doğru itələyirik. İnsanın öz sərhədlərini bilmək çox vacibdir”.