BAKI, 21 iyun. TELEQRAF
Bu yaxınlarda Ermənistan Baş naziri Nikol Paşinyana məlumat verilib ki, ölkədə genişmiqyaslı hakimiyyət dəyişikliyi ssenarisi hazırlanır. Bu, hökumət başçısını ciddi narahat edib və öz ətrafına istənilən təşəbbüsün izinə düşməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Erməni nəşri yazır ki, hüquq mühafizə sistemi artıq tədbirlər mərhələsinə başlayıb:
“Bu silsilə tədbirlər zəncirinin bir halqası iş adamı Samvel Karapetyan və keçmiş baş nazir Ovik Abramyanın gözlənilməz həbsidir.
Bütün bunlar həm də Rusiya xarici işlər naziri Sergey Lavrovun son səfəri ilə bağlıdır. 20-21 may tarixlərində Lavrovun İrəvanda bir sıra siyasi və biznes xadimləri, o cümlədən Samvel Karapetyan, Ovik Abramyan və digər yüksək rütbəli keçmiş xadimlərlə qapalı görüşlər keçirdiyi barədə məlumatlar var. Əldə etdiyimiz məlumata görə, görüşlərdə siyasi müzakirələr də aparılıb və bu, hakimiyyət üçün təhlükə kimi qiymətləndirilib.
Nikol Paşinyan hökumətin sabitliyinə xələl gətirməyə çalışan istənilən qüvvəyə dərhal qarşılıq verilməli olduğunu vurğulayıb. Nəticədə Samvel Karapetyan artıq dəmir barmaqlıqlar arxasında, Abramyan ev dustaqlığındadır, digərləri isə hüquq-mühafizə orqanlarının nəzarətindədir”.