BAKI, 17 iyun. TELEQRAF

“Parlamentdəki müxalif “Şərəfim var” fraksiyasının Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment təşəbbüsü gülünc prosesdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Serj Sərkisyanın bu prosesi necə dəstəklədiyinə və Robert Köçəryanın özünü necə göstərməsinə təəccüblənirəm. Düzünü desəm, hamımız bu oyundan həzz alırıq, əlimizdə popkornla izləyirik. Bütün bunların niyə edildiyini anlamırıq. Fikirləşirsən ki, axırı necə olacaq, yəni planları nədir? Gülüncdür”, - spiker bildirib.

Simonyan əlavə edib ki, Ermənistan müxalifəti çox zəifdir və siyasətdən çox uzaqdır:

“Onlar siyasətdən çox uzaqdırlar, siyasətin nə olduğunu öyrənirlər, çünki onların dövründə siyasət yox idi, bir nəfərin imperativləri, oyun qaydaları var idi. Müxalifət gedib məşq eləsin, nə deyəcəklərini müəyyən etsinlər, sonra hakim “Vətəndaş Müqaviləsi” ilə debata çıxsınlar”.