TBİLİSİ, 12 iyun. TELEQRAF
Gürcüstan parlamenti “Qrantlar haqqında” Qanuna düzəlişləri üçüncü oxunuşda qəbul edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qanun layihəsini 84 deputat dəstəkləyib.
Düzəlişlərə əsasən, yalnız qrantın əldə edilməsi üçün deyil, texniki və mütəxəssis köməyinin alınması, həmçinin bilik və yaxud təcrübə mübadiləsi üçün də hökumətin və yaxud səlahiyyətli nümayəndənin razılığı tələb olunacaq.
Razılığın alınması üçün müraciətə 10 gün müddətində cavab veriləcək, apellyasiya qərarı hökumətin qərarını qüvvədən salmayacaq. Qrantın razılıqsız əldə edilməsi qadağan olunacaq. Qadağaya əməl etməyənlər qrantın həcminin iki misli məbləğində cərimə ediləcək.
İcazəsiz qrantların verilməsi və alınmasına nəzarət Korrupsiyaya qarşı Mübarizə Bürosuna həvalə olunub.