BAKI, 12 iyun. TELEQRAF

“Ermənistanın qarşıdakı 100 ildə salamat qalmasını təmin etmək üçün tariximizdə belə şansımız olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir hökumətin iclasında Ermənistanın qarşısında dövlətin davamlılığının təmin edilməsi perspektivlərinin açıldığını bildirib:

“Bu, çox vacib sualdır və burada çox vacib bir ideoloji məsələ də var, çünki bu, məsələyə hansı ideoloji prizmadan baxmağınızdan asılıdır. Məsələyə “Real Ermənistan” ideologiyası prizmasından yanaşdıqda görürük ki, ölkəmiz kifayət qədər yaxşı və perspektivli vəziyyətdədir.

Biz cəhənnəm hadisələrindən keçərək o yerə çatmışıq, elə imkanlar yaranıb ki, dövlətin qarşıdakı 100 ildə salamat qalmasını təmin etmək üçün tariximizdə indiki kimi şansımız olmayıb. Əlbəttə, təhlükələrin də olduğu göz qabağındadır və bu təhlükələr həmişə olub, yeni təhlükələr yoxdur. Amma fərq nədir? Birincisi, biz bu təhdidləri idarə etmək üçün nəzəri və praktiki imkan əldə etmişik, ikincisi, mövcud təhlükələrə qarşı tarazlıq kimi ölkəmiz qarşısında inanılmaz perspektivlər açılıb. Bu kontekstdə “Real Ermənistan” ideologiyası gələcəyin təməli və planıdır”.