BAKI, 12 iyun. TELEQRAF
“Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində yazıb.
Ermənistan hökumətinin rəhbəri bu yanaşmanın doğru olmadığını bildirib:
“Bəziləri Erməni Apostol Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışır. Bu, öz çirkinliklərini erməni ictimaiyyətindən gizlətmək üçün “Azərbaycan” və ya “Türkiyə” arqumentlərindən istifadə edəndə ikiüzlülüyün ən birbaşa ifadəsidir. Bu üsuldan istifadə edənlər, o cümlədən xarici qüvvələr onlara istənilən sağlam diskursu pozmağa, istənilən islahatı dayandırmağa və Erməni Apostol Kilsəsini indiki kimi çıxılmaz vəziyyətdə saxlamağa imkan verir.
Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin əsl adı - red.) və onun kimi müqəddəs kilsəmizi ləkələyənlər Ermənistan və Erməni Apostol Kilsəsinin çiçəklənməsini istəməyən istənilən qüvvəyə hədiyyədir. Bəziləri Ktriç Nersisyanı müdafiə edir. Nəyi müdafiə edirsən, kimi müdafiə edirsən? Yalanı, saxtakarlığı, çirkinliyi? Bu yolla özünüzü müdafiə edirsiniz və heç bir şansınız yoxdur. Erməni Apostol Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq. Ktriç Nersisyan taxtı boşaltmalıdır”.
Paşinyan yeni katolikos üçün namizədinin olmadığını da sözlərinə əlavə edib:
“Çoxları iddia edir ki, mənim yeni katolikos üçün namizədim var. Təəssüf ki, katolikosluğa namizədim yoxdur. Amma mənim katolikosun necə olduğu barədə təsəvvür var: Tanrıya inanan, fırıldaqçı olmayan, İsa Məsihin davamçısı, kilsəyə xidmət edən, “mömin və ruhanilik” pərdəsi altında gizlənməyən biri. Bizim dindar və Tanrıdan qorxan bir katolikosumuz olacaq”.