BAKI, 11 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə erməni kilsəsinin xadimlərinin subaylıq andlarını pozması barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Müqəddəs Eçmiədzin Kilsəsi aydınlıq gətirsin: Erməni Apostol Kilsəsinin qanunlarına görə, subay din xadiminin subaylıq əhdini pozduğu və subaylıq andı içdikdən sonra övlad sahibi olduğu üzə çıxanda nə baş verir?” - N.Paşinyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.