BAKI, 10 iyun. TELEQRAF

“Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başladılması ilə əlaqədar parlamentdəki müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları arasında görüş keçiriləcək”.

Teleqraf xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan yerli KİV-ə bildirib.

“Ermənistan” fraksiyasının rəhbərinə (Seyran Ohanyan) zəng etdim və artıq görüş barədə razılığa gəldik”, - fraksiya rəhbəri deyib.

H.Mamicanyanın sözlərinə görə, iyunun 7-dən etibarən baş nazirə etimadsızlıq bildirmək üçün Ermənistan parlamentinin üzvləri arasında imza toplanılır.

“Ermənistan” fraksiyasından başqa, çatışmayan imzaların toplanması ilə bağlı hansı işlərin görüldüyü barədə soruşulduqda H.Mamicanyan belə cavab verib: “Gəlin hadisələrdən qabağa getməyək, əlbəttə, hər cür müzakirələr aparılır, işlər aparılır”.

Baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6, “Ermənistan” fraksiyasının 28 deputatı imza verməyə hazır olduğunu bəyan edib. İki fraksiyanın imzaları cəmi 34 edir, məsələnin parlamentin gündəliyinə salınması üçün isə 2 imza çatışmır.

Təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə hələlik təşəbbüsə dəstək verən yoxdur.

“Şərəfim var” fraksiyası Nikol Paşinyana qarşı impiçment prosesin başladılması üçün iyunun 7-də Masis şəhərinin meri Davit Ambarsumyanın baş nazirliyə namizədliyini irəli sürüb.

Xatırladaq ki, “Şərəfim var” və “Ermənistan” bloklarının liderləri Ermənistanın sabiq prezidentləri Serj Sərkisyan və Robert Köçəryandır.