BAKI, 7 iyun. TELEQRAF
Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyası Masis şəhərinin meri Davit Ambarsumyanı baş nazirliyə namizəd kimi irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Ermənistan Respublika Partiyasının İdarə Heyətinin bəyanatını nəzərə alaraq, Ermənistan Milli Məclisinin “Şərəfim var” fraksiyası iyunun 7-də keçirilən iclasında Baş nazirə (Nikol Paşinyan) etimadsızlıq məsələsi ilə bağlı yekdilliklə qərar qəbul edərək, Davit Ambarsumyanın namizədliyini irəli sürüb”, - fraksiyanın bəyanatında deyilir.

Fraksiya D.Ambarsumyanın namizədliyini Respublika Partiyasının Baş nazir Nikol Paşinyana qarşı impiçment təşəbbüsü çərçivəsində irəli sürüb.
Ermənistan KİV bundan əvvəl sabiq prezident Serj Sərkisyanın sədri olduğu Respublika Partiyasının baş nazirliyə namizədinin Armen Aşotyan olduğu barədə məlumat yaymışdı. A.Aşotyan partiya sədrinin müavinidir.
“Şərəfim var” fraksiyası Respublika Partiyasının üzvlərindən ibarətdir.