BAKI, 6 iyun. TELEQRAF
“Uşaqlarımız andından dönən keşişdən söyüş, yalan, andını pozmağı öyrənəcək?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan bütün ermənilərin katolikosu II Qareginlə bağlı gedən müzakirələri şərh edərkən deyib.
“Uşaqlarımız andından dönən keşişdən nə öyrənəcək? Necə and içmək və andı necə pozmaq olar - bunu? Yaxud bütöv bir xalqa necə söyüş söyüb yalan danışmaq olar, yoxsa bunu? Kilsədən almalı olduğumuz mənəvi qida və maariflənmə budurmu?”, - Ermənistan rəsmisi bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl bəyan etmişdi ki, əgər II Qareginin subaylıq andını pozduğu və övladı olduğu üzə çıxsa, o, bütün ermənilərin katolikosu ola bilməz: “Sözügedən fakt mövcud olduğu andan artıq onun subay din adamı olması mümkün deyil”.