BAKI, 6 iyun. TELEQRAF
“Bütün ermənilərin katolikosu II Qaregin övlad sahibi olduğunu etiraf etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədə yazıb.
Ermənistan hökumətinin başçısı artıq etiraf zamanını çatdığını qeyd edib.
“II Qareginin susmasının izahı nədir? Biz onun subaylıq andını pozması və övlad sahibi olmasını ictimaiyyətə açıqlamasını gözləyirik”, - baş nazir bildirib.
Nikol Paşinyan bütün ermənilərin katolikosuna xitabən vurğulayıb ki, susmaq razılaşmaq deməkdir.
Xatırladaq ki, Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib.
Baş nazirin ötən həftə katolikosu subaylıq andını pozmaqda və onun övladının olmasında ittiham etməsindən sonra kilsə ilə hökumət arasındakı gərginlik açıq müstəviyə keçib. Ermənistan baş naziri bəyan edib ki, subaylıq andını pozduğu üzə çıxsa, II Qaregin vəzifəsindən ayrılmalı olacaq.