BAKI, 5 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsini Rusiyadan təlimat almaqda ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Nikol Paşinyan partiya üzvləri ilə toplantıda bildirib ki, Rusiya Erməni Apostol Kilsəsinə ötən il Baqrat Qalstanyan, indi isə Eçmiədzin (və ya bütün ermənilərin katolikosu II Qaregin) vasitəsilə hakimiyyətə qarşı mübarizə aparmağı əmr edib. Onun fikrincə, bu səbəbdən kilsə nümayəndələrinin çoxu hökumət əleyhinə bəyanatlar verir”, - məlumatda deyilir.
Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib. Baş nazirin ötən həftə katolikosu subaylıq andını pozmaqda və onun övladının olmasında ittiham etməsindən sonra kilsə ilə hökumət arasındakı gərginlik açıq müstəviyə keçib. Ermənistan baş naziri bəyan edib ki, subaylıq andını pozduğu üzə çıxsa, II Qaregin vəzifəsindən ayrılmalı olacaq.