BAKI, 4 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin muxtariyyətinə son qoymağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri hökumət başçısının son zamanlar kilsə və bütün ermənilərin katolikosu II Qareginə qarşı təzyiqləri artırmasını təsadüfi hesab etmir:
“Görünür, Nikol Paşinyanın kilsə əleyhinə kampaniyası çərçivəsində parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyası “Ermənistan Respublikası ilə Erməni Apostol Müqəddəs Kilsəsi arasında münasibətlər haqqında” Qanuna dəyişiklik edilməsi məsələsini müzakirəyə çıxarmaq istəyir. “Müqəddəs kilsə” o deməkdir ki, dövlət kilsənin muxtariyyətini qəbul edir”.
“Hraparak”ın fikrincə, Nikol Paşinyan müvafiq qanuna dəyişikliyə nail olmaqla, erməni kilsəsinin dövlətdən muxtariyyətinə son qoymaq istəyir.
Həmçinin nəşr etiraf edir ki, erməni kilsəsi Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının qəti əleyhinədir və baş nazir həm də daxildə sülh prosesinə mane olan bu əngəldən qurtulmaq niyyətindədir.