BAKI, 29 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən dönərkən, təyyarədə jurnalistlərlə söhbətində mayın 28-də Laçında istifadəyə verilmiş beynəlxalq hava limanından danışıb.

Teleqraf xəbər verir ki, bu, hava limanının bölgəni dünyaya bağlayacağını vurğulayıb.

“Bu bölgədə yaşayan insanlar işğal illərində çox əziyyət çəkiblər. O pis günlər artıq arxada qalıb. Laçın Qarabağda aparılan yenidənqurma prosesində nəqliyyat və logistika infrastrukturunun gücləndirilməsi üçün əsas mövqedədir. Laçın hava limanı bölgənin inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bu beynəlxalq hava limanı ilə turizm və ticarət imkanları inkişaf edəcək. Beynəlxalq investorların bölgəyə giriş problemi olmayacaq. Bu bölgədən müharibə və işğalın izləri tezliklə silinəcək. Qarabağda normallaşma prosesinin simvollarından biri olan bu addım həm də regionun sabitliyinə xidmət baxımından böyük əhəmiyyət kəsb edir. Hava limanı regionun nəqliyyat infrastrukturunu da başqa səviyyəyə qaldıracaq.

İnanıram ki, bu, həm də Laçın və ətrafını firavan gələcəyə hazırlayacaq. Hava limanı təkcə yerləşdiyi regionun yox, həm də bütün Azərbaycanın potensialını hərəkətə gətirəcək. Bu infrastruktur sərmayələri də sülhə yol açacaq”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, mayın 28-də Laçın Beynəlxalq Hava Limanının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olub.