TBİLİSİ, 24 aprel. TELEQRAF
“Gürcüstan hakimiyyəti ərazi bütövlüyünün pozulması ilə barışa bilməz”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İmedi telekanalının efirində yayımlanan “İmedi Live” proqramında deyib.
Nazirin sözlərinə görə, Gürcüstanın məqsədi işğal məsələsinin həlli üçün sülh yolunu tapmaqdan ibarətdir.
“Bizim istəyimiz abxaz və osetin bacı-qardaşlarımızla bir dövlətdə yaşamaq üçün dinc yolu axtarıb tapmaqdır. İşğal haqqında qanuna gəlincə, bu, Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə münasibətlərə müdaxiləsinin qarşısını almaq üçün bir növ müdafiə mexanizmidir”, - M.Boçorişvili söyləyib.
Qeyd edək ki, XİN başçısı bununla qondarma Abxaziya rejiminin “xarici işlər naziri” Oleq Bartsitsin bu günlərdə səsləndirdiyi bəyanata reaksiya verib. O, Gürcüstanı “İşğal olunmuş ərazilər haqqında” Qanunu ləğv etməyə, Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmə haqqında saziş imzalamağa çağırıb.
Xatırladaq ki, Gürcüstanda adıçəkilən qanun 2008-ci ilin oktyabrında qəbul olunub. Sənədə əsasən, Abxaziya və Cənubi Osetiya bölgələrinə Rusiya ərazisindən daxil olmaq cinayət məsuliyyəti yaradır.