BAKI, 30 sentyabr. TELEQRAF

“Ermənistan və Gürcüstanda Azərbaycanın alban irsinə qarşı təxribatçı müzakirələr bir mərkəzdən idarə olunur”.

Teleqraf xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Son günlər Ermənistan və Gürcüstanda alban irsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Xüsusilə Azərbaycanın xristian irsinə dair qəbuledilməz iddiaların gündəmə gətirilməsi diqqət çəkir. Gürcüstan patriarxlığının Qax rayonunda yerləşən Kürmük məbədi, eləcə də Ermənistanın Qarabağdakı alban irsi ilə bağlı təxribatçı mövqeyi göstərir ki, məsələ dini-mədəni müstəvidə qarşıdurmaya hesablanıb.

Fikrimcə, burada əsas məqsəd Cənubi Qafqazda dini-mədəni zəmində problemləri körükləməkdir. Çünki regionda sülh və təhlükəsizlik istiqamətində yeni dinamika formalaşır. Bu prosesin qarşısını almaq, regionda siyasi-iqtisadi əlaqələri zəiflətmək istiqamətində müxtəlif cəhdlərin olması istisna deyil”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, alban irsinin Azərbaycan tarixinin mühüm hissəsi olduğu həm Ermənistan, həm də Gürcüstana yaxşı məlumdur:

“Bu irsə dair ərazi və mənsubiyyət xarakterli iddiaların irəli sürülməsi isə Azərbaycan tərəfindən təbii olaraq etirazla qarşılanır. Bir neçə gün əvvəl Tbilisidə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin görüşünün keçirilməsi və bu çərçivədə iqtisadi əməkdaşlıq istiqamətində müzakirələrin aparılması Cənubi Qafqazda yeni iqtisadi layihələrin formalaşdığını göstərir.

Məhz belə bir şəraitdə region dövlətləri arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edə biləcək dini-mədəni məsələlərin gündəmə gətirilməsi təsadüfi deyil. Bu baxımdan, Cənubi Qafqazda yaranan yeni əməkdaşlıq və iqtisadi inteqrasiya dinamikasından narahat olan qüvvələrin proseslərə təsir göstərməyə çalışması ehtimalı istisna deyil.

Gürcü və erməni kilsələrinin Rusiya ilə tarixi və institutsional əlaqələri var. Rusiya məhz bu dini mərkəzlər vasitəsilə işə başlayıb. Erməni və gürcü kilsələri Rusiyanın regiondakı dayaqlarıdır.

Azərbaycan alban-xristian irsi ilə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə səsləndirilən iddialara etirazını açıq şəkildə bildirir. Azərbaycan üçün əsas məsələ ölkənin tarixi-mədəni irsinin qorunması və bunun siyasiləşdirilməsinə yol verilməməsidir”.