BAKI, 1 oktyabr. TELEQRAF
Qırğızıstanda bundan sonra dini mövzularda yazan bloqerlərdən müvafiq qanun çərçivəsində vəsiqə tələb olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Dini İşlər və Millətlərarası Münasibətlər Agentliyinin baş mütəxəssisi Nurqazı Qırğızbayev məlumat verib.
Onun sözlərinə görə, müvafiq qanuna yeni termin - “dini təbliğatçı” anlayışı daxil edilib. Buna görə də dini mövzularda yazan bloqerlər və ya digər sosial şəbəkə istifadəçiləri mütləq Qırğızıstan Müsəlmanları Dini İdarəsinə müraciət etməli, dini təhsillərini təsdiqləməli və bloqu hansı istiqamətdə aparmaq niyyətində olduqlarını bildirməlidirlər.
Bu mövzuda fəaliyyət göstərən şəxslər Dini İşlər üzrə Dövlət Agentliyinə müraciət etməli və vəsiqə almalıdırlar. Bu sənəd bir il müddətinə verilir. Sonradan onun müddətini uzatmaq mümkündür. Əgər bloqer göstərilən müddətdə yanlış məlumat yayarsa və ya qanunu pozaraq fəaliyyət göstərərsə, onun vəsiqəsinin qüvvəsi ləğv ediləcək və ona yeni vəsiqə verilməsi nəzərdə tutulmur.
“Bunu podkastlar aparmaq, paylaşımlar və şərhlər yazmaq, dini sahədəki fəaliyyətləri barədə danışmaq və ya dini təbliğatla çıxış etmək niyyətində olan bütün bloqerlər və din xadimləri bilməlidirlər”, - Nurqazı Qırğızbayev əlavə edib.