BAKI, 1 oktyabr. TELEQRAF

Cənubi Qafqaza daxil olan üç ölkə həm siyasi, həm də iqtisadi əməkdaşlıq üçün ümumi platforma formalaşdırmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra regionun geosiyasi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib: “Hazırda Ermənistan və Azərbaycan arasında sülh prosesi gedir.

Bizim dörd istiqamətimiz və ya dörd əsas xəttimiz var: Birincisi, sülh müqaviləsidir. İkincisi, sərhədlərin delimitasiyasıdır. Üçüncüsü, nəqliyyat bağlantılarının yaradılmasıdır. Dördüncüsü isə vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulmasıdır.

Bəli, son dövrlərdə, o cümlədən bəzi mədəni irs məsələləri ilə bağlı müəyyən çətinliklər də yaşanıb. Amma düşünürəm ki, ümumilikdə müsbət dinamika qorunub saxlanılır.

Həmçinin qeyd etmək istəyirəm ki, Gürcüstan olmadan Cənubi Qafqazda davamlı sülh qura bilmərik”.

F. Şəfiyev Orta Dəhlizdən danışarkən əsasən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu — Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan marşrutunun nəzərdə tutulmasından məmnunluğunu bildirib: “Lakin indi buna iki mühüm istiqamət də əlavə olunur: Birincisi, TRACECA və ya TRIPP-dir. İkincisi isə Çin-Qırğızıstan-Özbəkistan marşrutudur.

Ümid edirik ki, bu marşrutun genişləndirilməsi Xəzər dənizi vasitəsilə də həyata keçiriləcək. Çünki İrandakı müharibə və İranda mövcud vəziyyət yenidən dəyişməyəcək”.