BAKI, 1 oktyabr. TELEQRAF

Artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünü bir növ Şuraya və ya başqa bir instituta çevirməyin vaxtıdır.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın Ali Məclis Senatının sədrinin birinci müavini Sadıq Safoyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.

O qeyd edib ki, bu format sadəcə məşvərət görüşü ilə məhdudlaşmamalı, bundan daha irəli getməlidir:

“İki il əvvəl Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərinin burada, Bakıda keçirilən sammiti müəyyən mənada möhkəm geostrateji üçbucaq yaratdı.

Mənim fikrimcə, bu hadisənin əhəmiyyətini həddindən artıq qiymətləndirmək mümkün deyil.

Mərkəzi Asiya ölkələrində, CAMCA ölkələrində inkişaf tempi çox yüksəkdir.

Məsələn, Mərkəzi Asiyada ÜDM-in artım tempi dünya üzrə orta göstəricidən üç dəfə yüksəkdir və bu göstərici daha da artır.

CAMCA ölkələri arasında ticarət də digər regionlardakı tendensiyalardan fərqli olaraq sürətlə artır.

Bundan əlavə, Mərkəzi Asiya ölkələrinin geostrateji mövqeyi o deməkdir ki, region yalnız xarici dünyanın təsirinə məruz qalan subyekt deyil. CAMCA regionunun özü də qlobal səviyyəyə təsir göstərir”.

Xatırladaq ki, Azərbaycan 2025-ci ilin noyabrında Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısına çevrilib.