BAKI, 1 oktyabr. TELEQRAF

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) etimadın möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm dövlətlərarası və hökumətlərarası dialoq platformasına çevrilib.

Bunu AQEM-in Baş katibi Kayrat Sarıbay Teleqraf-a açıqlamasında bildirib.

O qeyd edib ki, AQEM Katibliyi 20 ildir fəaliyyət göstərir və qurumun idarəetmə orqanlarının iclasları mütəmadi keçirilir:

“Buna görə də hesab edirəm ki, AQEM artıq çoxdan formalaşmış təşkilatdır. Lakin çatışmayan məqam hüquqi əsasın yaradılmasıdır. Biz bunun nizamnamənin qəbul edilməsi yolu ilə həyata keçiriləcəyini gözləyirik. Nizamnamə üzərində iş çox intensiv şəkildə davam edir”.

Kayrat Sarıbayın sözlərinə görə, 28 üzv dövlətin müxtəlif tarixi, iqtisadi və mədəni keçmişə malik olması səbəbindən nizamnamənin hazırlanması asan proses deyil:

“İş irəliləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, bu sənədin əsas parametrləri müzakirə olunur. Ümumi anlaşma var. Astanada keçirilmiş əvvəlki sammitdə qarşıya qoyulan vəzifə AQEM-i beynəlxalq təşkilata transformasiya etmək idi. Bunun üçün tamhüquqlu beynəlxalq təşkilata çevrilmənin hüquqi əsasını yaratmalıyıq”.

Baş katib oktyabrın 15-də keçiriləcək sammitdə liderlərin hansı məsələləri müzakirə edəcəyi barədə də danışıb:

“Liderlər ilk növbədə tədbirə münasibətlərini ifadə etmək və prioritetləri ilə maraqlarını bölüşmək üçün bir araya gəlirlər. Sammitin əsas vəzifəsi müxtəlif maraq və prioritetləri necə birləşdirə biləcəyimiz və hansısa sənəddə və ya anlaşmada optimal həll yolu tapa biləcəyimizdir. Bu baxımdan liderlərin görüşünün özü artıq böyük hadisədir. Hesab edirəm ki, bu, çox yüksək səviyyəli tədbir olacaq. Ümid edirik ki, AQEM-in gələcək inkişafı üçün mühüm qərarlar qəbul ediləcək”.