BAKI, 1 oktyabr. TELEQRAF
Media sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, forum AQEM məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından xüsusi aktuallıq daşıyır:
“Azərbaycanın AQEM sədrliyi dövründə media sahəsi gündəliyin prioritet istiqamətlərindən birini təşkil edir. Bu gün dezinformasiya və nifrət nitqinin təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var.
Bu baxımdan, AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin aparılması və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Xələf Xələfov vurğulayıb ki, beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınaq qarşısında qoyur:
“Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər və dezinformasiya kimi amillər, həmçinin ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər qlobal xarakterli təhdidlərə çevrilir.
Beynəlxalq hüququn aliliyinin təmin edilməsi və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulması istiqamətində birgə fəaliyyət ümumbəşəri əhəmiyyət daşıyır”.