BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan və Bolqarıstanın müştərək istehsalı olunan “Üç kiloqramlıq xoşbəxtlik” tammetrajlı bədii filmi İspaniyanın 38-ci Jirona Beynəlxalq Film Festivalında “Ən yaxşı film” mükafatına layiq görülüb.
Teleqraf xəbər verir ki, ekran əsəri festivalda “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” nominasiyalarında da qalib olub.
Festivalın müsabiqə proqramında 28 ölkədən olan tammetrajlı bədii, sənədli, qısametrajlı və animasiya filmləri iştirak edib.
“Üç kiloqramlıq xoşbəxtlik” tammetrajlı bədii filmi Bolqarıstanın Milli Kino Agentliyi, “Queen Mountains”, Azərbaycanın “Cinemedia” və Türkiyənin “Protim” şirkətlərinin birgə istehsalıdır.
Filmin quruluşçu rejissoru və prodüseri Zornitsa Sofiya, prodüserləri isə Fehruz Şamıyev, Ayşad Səfərəliyev və Mehmet Bahadır Erdir.
Qeyd edək ki, sözügedən film 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsinin qalibi olaraq maliyyə dəstəyi alıb.
Bundan öncə film Bolqarıstanda keçirilən "Qızıl lalə" Bədii filmlər Festivalında "Ən yaxşı ssenari" mükafatını qazanıb.
Filmin Azərbaycan premyerasının gələn il Bakı Beynəlxalq Film Festivalında keçiriləcəyi planlaşdırılır.