BAKI, 23 noyabr. TELEQRAF
2020-ci ildə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz tədarükünə başlanıldıqdan bəri İtaliyaya 51 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə enerji nazirinin müavini Kamal Abbasov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, 2026-cı ilin ilk doqquz ayında bu tədarükün həcmi təxminən 6,4 milyard kubmetr təşkil edib:
“Bu tədarüklərlə yanaşı, Dövlət Neft Şirkəti də (SOCAR) müxtəlif mənşəli xam neft, neft məhsulları, mayeləşdirilmiş təbii qaz (LNG) və neft-kimya məhsulları tədarük etməklə iki ölkə arasında enerji əməkdaşlığına töhfə verir. Bu, enerji sahəsində əməkdaşlığımızın geniş əhatə dairəsini nümayiş etdirir.
Bundan əlavə, SOCAR və İtaliya şirkətləri üçüncü ölkələrdə də enerji layihələri üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın yaxşı nümunəsi Kot-d’İvuarda həyata keçirilən “Baleine” neft-qaz layihəsidir. SOCAR 2026-cı ilin sentyabrında Eni şirkəti ilə tərəfdaşlıq çərçivəsində həmin layihədə 10 faizlik iştirak payı əldə edib. Bu, şirkətlərimiz arasında beynəlxalq tərəfdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımdır və onların qlobal enerji bazarlarında mövqelərini gücləndirir”.