BAKI, 11 noyabr. TELEQRAF
“Son dövrlərdə əmək bazarında aparılan islahatlarla bağlı dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfə baxılması mexanizmidir. Bu mexanizmin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetində işçi qrupu yaradılıb. İşçi qrupunda dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər”.
Teleqraf verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O bildirib ki, həmin işçi qrupunda müzakirələr aparılarkən həm “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda, həm də minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq:
“Eyni zamanda, hər bir tərəfin və müvafiq dövlət orqanlarının təklifləri əsasında minimum əməkhaqqının müəyyən edilməsi təmin olunacaq.
İkinci məsələ sektoral yanaşma ilə bağlıdır. ilkin mərhələdə hədəfimiz kənd təsərrüfatı və ictimai iaşə sahələrində fəaliyyət göstərənlərdir. Kənd təsərrüfatında saatlıq əməkhaqqının tətbiqi məsələsi isə Nazirlər Kabinetinin müvafiq işçi qrupu çərçivəsində tənzimlənəcək. Burada əsas məqsəd mövcud qaydalar üzrə çalışan şəxslərə saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Digər əmək münasibətlərində isə aylıq əməkhaqqı müəyyən edilməklə müqavilənin bağlanması nəzərdə tutulur”.