BAKI, 11 noyabr. TELEQRAF
"İqtisadiyyatın dayanıqlığının artırılmasında rəqəmsallaşmanın rolu xüsusi əhəmiyyət kəsb edir. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması və iqtisadiyyatın “ağarması” sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir və konkret müsbət nəticələr verir: 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artmış, hazırda vergilərin 93%-i könüllü ödənilir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O qeyd edib ki, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5%-inə çatmışdır: “Bu, həm də vətəndaşların sosial sığorta və pensiya təminatının genişlənməsi deməkdir. Bərpa-quruculuq işləri ilə yanaşı, Böyük Qayıdışın növbəti vəzifəsi azad edilmiş ərazilərin iqtisadi bazasını – istehsalı və daimi iş yerlərini genişləndirməkdir. Artıq bu bölgəmizdə də iqtisadiyyat öz məcrasına düşür. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyatdan keçmiş, təqribən 3 milyard manatlıq məhsul istehsal olunmuşdur. Bu ərazilərdə özəl sektorun ümumilikdə 1300-dən çox layihəsi həyata keçirilir. Işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması və sahibkarlığın inkişafı məqsədilə vergi və gömrük güzəştləri, kommunal və sosial sığorta subsidiyaları, kredit zəmanətləri, faiz subsidiyaları və güzəştli kreditlər daxil olmaqla, müxtəlif dəstək mexanizmləri tətbiq olunur".
Azər Bayramov vurğulayıb ki, Milli Məclisə təqdim olunmuş Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ixrac edən və şəffaf fəaliyyət göstərən sahibkarı dəstəkləməyə yönəlib: "Yerli istehsaldan, xidmət ixracından və turizmdə əcnəbilərə göstərilən xidmətlərdən əldə olunan gəlirlər üzrə güzəştlər, mikro statusdan böyüyən subyektlər üçün təşviqlər, nağdsız əməliyyatlar üzrə ƏDV-nin qaytarılması mexanizminin genişləndirilməsi nəzərdə tutulur".