BAKI, 11 noyabr. TELEQRAF
"Azərbaycan dəyişən qlobal mühitin çağırışlarını vaxtında qiymətləndirərək öz inkişaf prioritetlərini uzunmüddətli strateji baxış əsasında həyata keçirir. Əldə edilmiş tarixi nailiyyətlər, formalaşdırılmış iqtisadi potensial və müasir infrastruktur ölkəmizin yeni strateji inkişaf mərhələsinə daha geniş imkanlarla daxil olması üçün möhkəm zəmin yaradıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O qeyd edib ki, məhz bu əsasda hazırlanmış 2027-ci il dövlət büdcəsinin layihəsi yeni mərhələnin hədəflərinə nail olunmasında mühüm rol oynayacaq: "Bunu bir sıra iqtisadi göstəricilər də təsdiq edir. Strateji valyuta ehtiyatları illik Ümumi Daxili Məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir; aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın suveren kredit reytinqi investisiya səviyyəsində qiymətləndirilir. Ölkəmiz həm də yeni geoiqtisadi rol qazanıb: regionda yeni nəqliyyat bağlantılarının açılması Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəki mövqeyini daha da gücləndirir”.
Azər Bayramov vurğulayıb ki, qarşıdakı mərhələnin əsas vəzifəsi formalaşmış bu potensialı daha yüksək əlavə dəyərə, məhsuldar məşğulluğa və artan rifaha çevirməkdir. Növbəti mərhələdə formalaşdırılmış hüquqi çərçivə və müasir infrastruktur özəl investisiyaların, rəqabətqabiliyyətli istehsalın və ixracın genişlənməsinə xidmət etməlidir. Bunun üçün koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik".