BAKI, 11 noyabr. TELEQRAF

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafına, əhalinin rifahının yüksəldilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və insan hüquqlarının daha səmərəli təmininə mühüm töhfələr verir. Bu istiqamətdə müəyyən edilmiş strateji inkişaf prioritetləri dövlət büdcəsinin əsas istiqamətlərinin formalaşdırılmasında mühüm rol oynayır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ”Azərbaycan Respublikasının 2027-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə dair fikirlərini bildirərkən deyib.

O qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi qarşıda duran bu strateji vəzifələrin həyata keçirilməsi üçün zəruri maliyyə imkanlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: "Ombudsmana ünvanlanan müraciətlərin təhlili və həyata keçirdiyimiz monitorinqlərin nəticələrinə əsaslanaraq insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət büdcəsində nəzərə alınmasını məqsədəmüvafiq hesab etdiyimiz bəzi təklifləri diqqətinizə çatdırmaq istərdim:

- tənha, özünəqulluq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərə evdə göstərilən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda səyyar sosial xidmətlərin inkişaf etdirilməsi, habelə uzunmüddətli qulluq xidmətlərinin kadr və maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə təminatının gücləndirilməsi;

- regionlarda tibbi və sosial reabilitasiya xidmətləri şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulatlar, müasir reabilitasiya və digər köməkçi vasitələrlə fərdi ehtiyaclarına uyğun və vaxtında təmin edilməsi məqsədilə müvafiq büdcə ayırmalarının artırılması;

- regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsi, habelə hemofiliyalı şəxslərin zəruri dərman preparatları ilə vaxtında və fasiləsiz təmin edilməsi məqsədilə həmin preparatların regional tibb müəssisələri vasitəsilə əlçatanlığının artırılması və təcili hallar üçün zəruri ehtiyatların formalaşdırılması istiqamətində maliyyə təminatının gücləndirilməsi;

- onkoloji xəstələrin müasir müalicə üsullarına və yüksək effektivliyə malik dərman preparatlarına əlçatanlığının artırılması, xüsusilə innovativ şişəleyhinə preparatlarla təminatın genişləndirilməsi, habelə diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət büdcəsində bu istiqamətlər üzrə maliyyə vəsaitlərinin artırılması;

- süni intellekt əsaslı diaqnostika və klinik qərarların dəstəklənməsi texnologiyalarının səhiyyə sistemində təhlükəsiz və mərhələli tətbiqi, xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanması və ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu istiqamətdə həyata keçiriləcək tədbirlərin maliyyə təminatının dövlət büdcəsində nəzərə alınması;

Uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi dövlət büdcəsinin sosial istiqamətləri çərçivəsində xüsusi diqqət tələb edir.

Bu baxımdan inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin olunması məqsədilə təhsil müəssisələrinin müvafiq qaydada uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat üçün zəruri maliyyə resurslarının ayrılması, uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılması təklif olunur".

Səbinə Əliyeva bununla yanaşı, bir neçə istiqamətlərə də diqqət yetirilməsini məqsədəuyğun hesab edirəm. Onun fikrincə, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri fonunda işçilərin yenidənhazırlanması və rəqəmsal bacarıqlarının inkişafı üzrə proqramlara maliyyə dəstəyinin nəzərə alınmalı, dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında həssas qruplar üçün əlçatan və alternativ xidmət imkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin maliyyələşdirilməli, ucqar yaşayış məntəqələrində sosial əhəmiyyətli, lakin kommersiya baxımından az rentabelli sərnişindaşıma marşrutlarının fəaliyyətinin maliyyə mexanizmləri vasitəsilə dəstəklənməli, iqlim dəyişmələri və təbii fəlakət riskləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsində həssas qrupların ehtiyaclarının, o cümlədən əlçatan təxliyə, müvəqqəti yerləşdirmə və sosial yardım imkanlarının nəzərə alınmalıdır:

"Qeyd olunanlarla yanaşı, Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin daha effektiv təşkili məqsədilə, Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş milli preventiv və müstəqil monitorinq qruplarının fəaliyyətinin effektivliyinin və davamlılığının təmin edilməsi məqsədilə onların kadr və maddi-texniki təminatı ilə bağlı maliyyələşmənin dövlət büdcəsinin xərclərində nəzərə alınmalı, Ombudsmanın konstitusion səlahiyyətlərindən irəli gələn qanunvericiliyin təkmilləşdirilməsi sahəsində geniş fəaliyyətini, normativ hüquqi aktların layihələrinin hüquqi ekspertizası, onlara dair rəy və təkliflərin hazırlanması istiqamətində işlərin həcmini nəzərə alaraq, bu fəaliyyətin daha sistemli və səmərəli təşkili məqsədilə Ombudsman Aparatında ayrıca struktur bölmənin yaradılmasına və zəruri ştat vahidləri ilə təmin edilməsinə dəstək verilməli, Azərbaycan Respublikası Prezidentinin rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlərdən irəli gələrək, Ombudsman təsisatında elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi və yenilənməsi, onun vahid rəqəmsal dövlət platformalarına inteqrasiyasının üçün maliyyə vəsaitinin ayrılmalıdır. Çağrı Mərkəzinin fəaliyyətində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi məqsədilə zəruri maliyyə və texniki dəstəyin göstərilməsi də insan hüquqlarının daha effektiv və çevik müdafiəsi baxımından olduqca əhəmiyyətlidir.

İnanıram ki, qeyd olunan təkliflər ölkəmizin inkişaf prioritetləri və dövlət büdcəsinin imkanları nəzərə alınmaqla mərhələli şəkildə öz həllini tapacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına öz müsbət töhfələrini verəcəkdir".